Zəfərin mübarək, övlad dağını bağrına basıb "VƏTƏN SAĞ OLSUN!" deyən şəhid anası, şəhid atası. Zəfərin mübarək, vətənin bütövlüyü, qələbəsi naminə dünyanın ən ağır yükünü–atasızlığı çiyinlərinə, "ata" deyəndə heç bir zaman gəlməyəcək o cavabın əzabını qəlblərinə alan, məğrur şəhid övladı. Zəfərin mübarək, ömrü, həyatı, xoşbəxtliyi nakam qalsa belə dimdik ayaqda durmağa çalışan, yarının şəhid tabutunu çiyinlərində qürurla daşıyan şəhid yarı. Zəfərin mübarək, şəhidlərin müqəddəs qanı ilə VƏTƏN olan ANA TORPAQ. Zəfərin mübarək, şəhidlərin ruhunu üzərində ləyaqətlə daşıyan AZƏRBAYCAN SƏMALARI. Zəfərin mübarək, üzərindəki Hilal uğruna neçə-neçə Günəşlərin batdığı, vətənin hər bir qarış torpağında daim qürurla dalğalandığı, 3 boyalı, ay-ulduzlu, şanlı vətənimin zəfər sevincli şanlı bayrağı. Zəfərin mübarək, müzəffər Azərbaycan ordusu. Zəfərin mübarək, qalib ölkənin qalib vətəndaşları. Zəfərin mübarək, can Azərbaycan. Zəfərin mübarək, min yol öldürülən yenə ölməyən, əbədi-əzəli AZƏRBAYCAN!